“Barselona”nın vitse-prezidenti Rafael Yuste “Atletiko”nun meneceri Migel Anxel Xilin Xulian Alvareslə bağlı açıqlamalarına münasibət bildirib.
Sportagon.az xəbər verir ki, Xil daha əvvəl “Atletiko”nun argentinalı hücumçunun transferi ilə bağlı “Barselona” ilə danışıqlar aparmayacağını deyib. Madrid klubu həmçinin kataloniyalıları qeyri-etik davranışda və futbolçuya təsir göstərməyə çalışmaqda ittiham edib.
Yuste isə COPE-yə açıqlamasında Xilin sözlərinin “qırmızı xətti keçdiyini” bildirib: “Xüsusilə də bunları Migel Anxel Xilin dediyini nəzərə alsaq, onun mövqeyini başa düşmürəm. Mən bu fikirləri bölüşmürəm və belə açıqlamalardan narazıyam.
Biz rəqiblərimizə və “Atletiko”ya hörmət edirik. Dünyadakı bütün futbolçulara da hörmətlə yanaşırıq. Əgər hansısa futbolçu bizim komandamıza gəlmək istəyirsə, bu, təbii ki, bizi sevindirir. Biz sakitik. Vicdanımız bizə idman və peşəkarlıq prinsiplərinə zidd hərəkət etməyə imkan vermir”,
Qeyd edək ki, argentinalı futbolçunun “Atletiko”dan ayrılaraq “Barselona”ya keçmək istədiyi haqda xəbərlər yayılmaqdadır.

